Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.

İlk görüşdə “Qəbələ” və “Qarabağ” komandaları qarşılaşıb. Meydan sahibləri oyunun lap əvvəlindən fəallıq nümayiş etdirərək erkən qol vurublar. 6-cı dəqiqədə Asif Məmmədov hesabı açıb. Lakin “Qəbələ” futbolçularının sevinci çox çəkməyib. 16-cı dəqiqədə İsmayıl İbrahimli tarazlığı bərpa edib. 1-ci hissə 1:1 hesabilə başa çatıb. Fasilədən sonra “Qarabağ” 2 qol vuraraq qələbəni təmin edib. “Köhlən atlar” rəqibi sona yaxın cəzalandırıblar.  88-ci dəqiqədə İbraima Vaci diqqət mərkəzinə düşüb. 2-ci hissəyə artırılan dəqiqədə isə Kadi penaltini dəqiq yerinə yetirərək son nöqtəni qoyub. “Qəbələ” – “Qarabağ” 1:3

Turnirin yeddiqat qalibi, rekordçu “Neftçi” isə yarımfinalın ilk qarşılaşmasında “Zirə”nin müqavimətini qıra bilməyib. Oyun 0:0 hesabilə yekunlaşıb. Qeyd edək ki, cavab görüşləri aprelin 29-da keçiriləcək.