“Ferrari” Karlos Saynsla yeni müqavilənin şərtləri ilə bağlı razılığa gəlib. Bu barədə İspaniyanın nüfuzlu “As” nəşri məlumat yayıb.  Yeni müqaviləyə əsasən ispaniyalı pilot 2024-cü ilə qədər İtaliya komandasının uğurları üçün mübarizə aparacaq.  Həftəsonu İtaliyada keçiriləcək Emilya-Romanya Qran-prisindən əvvəl isə yeni müqavilə ilə bağlı ictimaiyyətə məlumat veriləcək. Xatırladaq ki, 27 yaşlı Karlos Sayns 2015-ci ildən Formula 1-də çıxış edir. O, ötən il “Maklaren”dən “Ferrari”yə keçib. Sayns “qırmızılar”ın heyətində keçirdiyi ilk mövsümdə 5-ci yeri tutub.

“Ferrari”dən söz düşmüşkən, bu komandanın sabiq pilotu Mixael Şumaxerin  Formula 1-də ilk mövsümündə idarə etdiyi “Benetton B192” bolidi hərraca çıxarılıb. 7 qat dünya çempionu 1992-ci ildə bu bolidlə mövsümün 3 Qran-prisində yarışa çıxmışdı. Həmin mövsüm Şumaxer mübarizəni iki dəfə 3-cü yer, bir dəfə isə 4-cü yerdə başa vurmuşdu.