İtaliya A seriyasında 33-cü tur yekunlaşıb.

Çempionluq yarışında olan “Napoli” ötən tur öz meydanında “Fiorentina”ya uduzandan sonra “Roma”nı qəbul edib. Neapollular erkən qolla önə çıxıblar. 11-ci dəqiqədə Lorentso
İnsinye təyin olunan penaltini dəqiq yerinə yetirib. 1-ci hissə minimal hesabla başa çatıb. Fasilədən sonra qonaqlar fəallaşıblar. Paytaxt futbolçularının səyi 2-ci hissəyə artırılan dəqiqədə bəhrəsini verib. Stefan El Şaravi tarazlığı bərpa edərək son nöqtəni qoyub. “Napoli” – “Roma” 1:1.

“Atalanta” isə ardıcıl 3-cü oyunda uduzub. Berqamo klubu 33-cü turda öz meydanında “Verona” ilə bacarmayıb. 1-ci hissənin sonuna yaxın qonaqlardan Federiko Çekkerini hesabı açıb. “Verona” fasilədən sonra da təşəbbüsü əldən verməyib. 55-ci dəqiqədə Tyon Kopmeynersin avtoqolu qonaqların üstünlüyünü möhkəmlədib. “Atalanta” qollardan yalnız 1-nin əvəzini çıxmağa nail olub. 82-ci dəqiqədə Corco Skalvini yekun nəticəni müəyyənləşdirib. “Atalanta” – “Verona” 1:2. Maraqlıdır ki, İqor Tudorun kollektivi bu qələbə sayəsində elə “Atalanta”ya yaxınlaşıb. Komanda hazırda  48 xalla 9-cu, “atalanta” 51 xalla 8-cidir. Yarış cədvəlinə 71 xalla “Milan” başçılıq edir. 2 xal az toplayan “İnter” 2-ci pillədədir. “Napoli” 67 xalla ilk 3-lüyü tamamlayır.