İspaniya La Liqasının 32-ci turuna “Barselona” – “Kadis” oyunu ilə yekun vurulub.

Avropa Liqasında mübarizəni dayandıran Kataloniya klubu çempionat görüşündə də uğursuzluğa düçar olub. Xavinin komandası 1-ci hissədə rəqibin müqavimətini qıra bilməyib. Fasilədən dərhal sonra isə qonaqlar irəli keçiblər. Lukas Peres “Kadis”i önə çıxarıb. Çoxları “Barselona”nın dönüş edə biləcəyini düşünsə də, ehtimallar özünü doğrultmayıb. “Kadis” minimal hesabı sonadək qoruyaraq tarixdə ilk dəfə “Kamp Nou”da “Barsa”nı məğlub edib. Kataloniya futbolçuları isə yeni ildə La Liqada ilk dəfə uduzublar. Hazırda turnir cədvəlinə 75 xalla “Real” başçılıq edir. Əzəli rəqibindən 15 xal geri qalan “Barselona” 2-ci pillədədir. Eyni miqdarda xal toplasa da, şəxsi görüşlərdə daha zəif çıxış edən “Sevilya” 3-cüdür.