Avropa liqasında 1/4 finalın cavab görüşlərinə start verilir. “Barselona” doğma meydanda Frankfurt “Ayntraxt”ı ilə qarşılaşacaq. Komandalar görüşə bir sıra itkilərlə çıxacaqlar. “Barselona” Dani Alveş, Ansu Fati, Serj Roberto və Samuel Umtitinin köməyindən yararlana bilmərəcək. Jerar Pikenin qarşılaşmada olub-olmayacağı da məlum deyil. Almaniya təmsilçisinin heyətində isə Dayant Ramay və Tuta matçda iştirak etməyəcəklər. Oyundan əvvəl hər iki komandanın baş məşqçisi jurnalistlərin suallarını cavblandırıblar. İspaniya klubunun uğurları üçün çalışan Xavi Ernandes görüşün heç də asan keçməyəcəyini bildirib. O, Levandovskinin kluba mümkün transferi barədə də fikirlərini bölüşüb: “Birinci oyundakı nəticədən sonra daha diqqətli olmalıyıq. Hədəfimiz bu turniri qazanmaq və növbəti mövsümdən Çempionlar liqasında iştirak etməkdir. İtkilərə baxmayaraq qələbə qazanmaq üçün əlimizdən gələni etməliyik. Levandovski barədə danışmaq hələ tezdir. Başa düşürəm ki, futbol ictimaiyyətinin əsas diqqəti bu məsələyə yönəlib. Amma hazırda transfer məsələləri barədə danışmaq istəməzdim”.
Frankurt klubunun uğurları üçün çalışan avstriyalı Oliver Qlazner isə ümidli açıqlamaları ilə diqqət çəkib: “Biz ilk matçda qələbə qazanmaq üçün hər şeyi etdik. Amma müdafiədə bəzi səhvlərimiz oldu. Böyük komandalara qarşı oynamaq hər zaman həyəcan vericidir. Bununla belə istədiyimiz nəticəni əldə etmək üçün çox çalışmalıyıq. Vilyarreal misalı bizim üçün də keçərli ola bilər. Qələbə qazanıb bütün futbol ictimaiyyətini təəccübləndirməkistəyirik”.
Qeyd edək ki, “Barselona” – “ Ayntraxt” matçı bu gün Bakı vaxtilə saat 23-də başlanacaq. Görüşü portuqaliyalı Artur Suareşin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.