Çempionlar Liqasının 1/4 final mərhələsində “Atletiko” Madrid doğma “Vanda Metropolitano” stadionunda “Mançester Siti” ilə üz-üzə gəlib.
İlk görüşdə minimal hesabla qalib gələn “şəhərlilər” cavab matçında qələbə hesabını qoruya biliblər. Birinci hissədə tərəflər qapılar önündə təhlükəli vəziyyətlər yaratsalar da, zərbələrdə dəqiqlik çatmayıb. Fasilədən sonra da, Pep Qvardiolanın kollektivi irəli keçmək üçün rəqibi müdafiəyə çəkilməyə məcbur edib. Lakin “Atletiko”nun qapıçısı Yan Oblakın inamlı çıxışı Mançester təmsilçisinə mane olub. Görüşün sonlarında vəziyyət daha da dramatikləşib. 88-ci dəqiqədə futbolçular arasında dava düşüb. Bunun nəticəsi olaraq, hakim Daniel Zibert ümumilikdə 10 nəfəri cəzalandırmalı olub. “Atletiko”nun heyətindən yalnız Felipe ikinci dəfə sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bundan başqa komandanın baş məşqçisi Dieqo Simeone də sarı vərəqə ilə cəzalanıb. Beləliklə, iki oyunun nəticəsinə əsasən minimal hesabla üstün olan “Mançester Siti” yekunda mərhələ adlayan tərəf olub. “Şəhərlilər” yarımfinalda Madridin digər klubu “Real” ilə üz-üzə gələcək.