Çempionlar liqasının 1/4 finalında daha bir yarımfinalçının adına İspaniyada aydınlıq gələcək. “Atletiko  Madrid@ Mançester Siti ilə qarşılaşacaq. Tərəflər arasındakı ilk oyun İngiltərə təmsilçisinin 1-0 hesablı üstünlüyü ilə yekunlaşmışdı. Hər iki komanda görüş üçün son hazırlıqları tamamlayıblar. Madrid klubunun heyətində Xose Mariya Ximenes, Hektor Herrera matçda iştirak etməyəcəklər. “Şəhərlilər”  isə Qabriel Jesus və Benjamin Mendinin köməyindən yararlana bilməyəcəklər. “Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone oyun barədə fikirlərini bölüşüb. Argentinalı mütəxəssis rəqib komandanın üstün cəhətlərini də vurğulayıb: “Mançester Siti”nin çox yaxşı futbolçuları var. Birinci oyunda məğlub olsaq da hələ ümidimiz var. İnanıram ki, yerli azarkeşlər önündə daha yaxşı oynayacağıq. Bütün imkanlarımızla qələbə qazanmaq üçün çalışacağıq. Nəticənin necə olmasından asılı olmayaraq ənənəvi taktikamıza sadiq qalacağıq”.  

Mançester Sitinin baş məşqçisi Pep Quardiola qazanılan üstünlüyün mərhələni keçmək üçün yetərli olmadığını bildirib: “Düşünürəm ki, bu qarşılaşmada həyəcan və təzyiq ən yüksək həddə olacaq. Ruben Diaşın zədədən qayıtması bizi sevindirir. O, bizim üçün önəmli futbolçudur. Bəzi itkilərə baxmayaraq lazımi nəticəni əldə etməliyik. Yarımfinala yüksəlmək üçün çox çalışmalıyıq. Futbolçulara inanıram. Meydanda əllərindən gələni edəcəklər”.

Qeyd edək ki, “Atletiko Madrid” – “Mançester Siti” matçı bu gün Bakı vaxtilə 23:00-da başlanacaq. Oyunu Daniel Zibertin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.