UEFA Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşib. Rekordçu “Real” Londonda 3:1 hesabilə qalib gəldiyi “Çelsi”ni Madriddə qəbul edib . Qarşılaşma “kral klubu” üçün heç yaxşı başlamayıb. 15-ci dəqiqədə Meyson Maunt qonaqları önə çıxarıb. 1-ci hissə minimal hesabla başa çatıb. 2-ci yarıda “zadəganlar” fərqi artırıb. Antonio Rüdiger 2-ci qolun müəllifi olub. Ümumi hesabı bərabərləşdirəndən sonra daha da ruhlanan “Çelsi” 75-ci dəqiqədə Timo Vernerin vurduğu qol sayəsində fərqi 3 topa çatdırıb. Lakin “Real” çox keçmədən qollardan birinin əvəzini çıxıb. Rodriqo Luka Modriçin ötürməsini lazımınca qiymətləndirib. Beləliklə 90 dəqiqə qonaqların 3:1 hesablı üstünlüyü ilə yekunlaşdığından ümumi hesabda tarazlıq yaranıb - 4:4. Qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin edilib. 96-cı dəqiqədə Kərim Benzema “Real”ı yarımfinala çıxaran qolu vuraraq son nöqtəni qoyub.
“Bavariya” isə futbol həvəskarlarını təəcübləndirib. Yulian Nagelsmanın komandası “Vilyarreal”a ilk oyunda minimal hesabla uduzandan sonra rəqibini Münhendə qəbul edib. 1-ci hissədə hesab açılmayıb. 2-ci yarıda meydan sahibləri Robert Levandovskinin dəqiq zərbəsiylə irəli keçsə də, “Vilyarreal” vaxtın bitməsinə 2 dəqiqə qalmış məğlubiyyətdən xilas olub. Samuel Çukvueze yekun nəticəni müəyyənləşdirib. 2 qarşılaşmanın yekununda 2:1 hesabilə qalib gələn “Vilyarreal” “Bavariya”nı mübarizədən kənarlaşdıraraq yarımfinala çıxıb. Unay Emerinin komandası “Benfika” – “Liverpul” cütünün, “Real” isə “Mançester Siti” – “Atletiko” qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.