Bu gün UEFA Çempionlar Liqasında ¼ final mərhələsinin cavab oyunları başlanır. Maraqla gözlənilən qarşılaşmalardan biri Madriddə olacaq. İspaniya paytaxtında “Real” turnirin hazırki qalibi “Çelsi”ni qəbul edəcək.

UEFA Çempionlar Liqasının ¼ finalında Real Madrid Santyaqo Bernabeuda Çelsini qəbul edəcək. Londonda Kərim Benzemanın het-triki sayəsində 3:1 hesablı qələbə qazanan “Kral Klubu” cavab oyununa üstünlüklə çıxır. Buna baxmayaraq, meydan sahiblərinin baş məqşçisi mətbuat konfransında ehtiyatla danışıb. İtaliyalı mütəxəssis heç bir halda arxayınlaşmadıqlarını və qarşıda 90 dəqiqəlik mübarizənin olduğunu bildirib: “Çempionlar Liqasının ¼ finalında asan oyun olmur. İlk görüşdəki nəticə bizi qətiyyən arxayınlaşdırmir. “Çelsi” kimi yüksək səviyyəli futbolçulardan ibarət komandalar hər zaman sona kimi mübarizə aparırlar. Buna görə deyə bilərəm ki, qarşıda bizi çətin 90 dəqiqə gözləyir. Yarımfinala yüksəlmək üçün azarkeşlərimiz önündə də inamla çıxış etməliyik. Məhz bunun üçün meydana çıxacıq”

Qeyd edək ki, Londondak görüşdə sarı vərəqə alaraq cəzalı vəziyyətə düşən “Real Madrid”in müdafiəçisi Eder Militao bu qarşılaşmada iştirak edə bilməyəcək. “Çelsi”də isə Romelu Lukakunun matçda olmayacağı dəqiqdir. Komandanın baş məşqçisi Tomas Tuxel yarımfinala yüksəlmək üçün var qüvvələrini ortaya qoyacaqlarını bildirib:  “Santyaqo Bernabeu”da “Real”a qarşı oynamaq heç də asan deyil. Nəzərə alaq ki, ilk görüşdə də məğlub olmuşuq. Amma yarımfinala yüksəlmək üçün az da olsa imkanlarımız varsa, bundan maksimum yararlanmağa çalışacıq. Londondakı məğlubiyyət haqqında düşünmürük. Bütün fikirlərimiz Madriddəki qarşılaşmaya köklənib. Heyətdə bəzi problemlər olsa da, mərhələ adlamaq üçün sona kimi mübarizə aparacıq.

Qeyd edək ki, “Real Madrid” – “Çelsi” görüşü bu gecə saat 23:00-da başlanır. Oyunu polşalı Şimon Marçinyakın başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.