Çexiyanın paytaxtı Praqa şəhərində təşkil olunan aerobika gimnastikası üzrə açıq beynəlxalq turnirdə Azərbaycan milli komandası 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb. Komandamızın üzvlərindən fərdi proqramda çıxış edən Məryəm Topçubaşova və Dilarə Qurbanova bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Dilarə Qurbanova, Sara Əlixanlı və Sənəm Kazımovadan ibarət komanda və Arzu Ağayeva, Sara Əlixanlı, Leyla Bejanova, Dilarə Qurbanova, Sənəm Kazımovadan ibarət qrup da ölkəmizə qızıl medal qazandırıb.

Yığmanın digər təmsilçisi Vladimir Dolmatov isə fərdi növdə böyüklər arasında gümüş medala sahib çıxıb. Böyüklər arasında "üçlük" proqramında Mədinə Mustafayeva, Xoşqədəm Quliyeva və Vladimir Dolmatov da yarışda gümüş medalla kifayətlənib.

Qarışıq cütlüklər proqramında isə Vladimir Dolmatov və Mədinə Mustafayeva bürünc medal əldə ediblər.