Futbol üzrə Azərbaycan çempionatında 22-ci tur yekunlaşıb. Günün ilk qarşılaşması Sumqayıt şəhərində keçirilib. Burada yerli komanda turnir cədvəlinin lideri "Qarabağ"la üz-üzə gəlib. Gözlənildiyi kimi qarşılaşmaya Qurban Qurbanovun yetirmələri daha yaxşı başlayıb. Ardıcıl hücumlar 16-cı dəqiqədə nəticə verib. Kadi Yuri Borxes qapını dəqiq nişan alıb. Fasilədən sonra da üstünlüyünü davam etdirən Ağdam klubu 2 dəqiqə ərzində rəqibin bütün ümidlərini puç edib. Əvvəlcə 67-ci dəqiqədə Marko Veşoviç, az sonra isə Partik Andrade fərqlənərək mübarizəyə nöqtə qoyub: "Sumqayıt" - "Qarabağ" 0:3.
Eyni hesab "Səbail" - "Qəbələ" oyununda da qeydə alınıb. Autsayder "Səbail" yüksək pillələr uğrunda yarışan "Qəbələ"ni məyus edib. 41-ci dəqiqədə Adil Nağıyev hesabı açıb. İkinci hissədə də əyalət təmsilçisini müdafiəyə çəkilməyə vadar edən paytaxt futbolçuları daha iki dəfə rəqib qapısını silkələyiblər. 68-ci dəqiqədə Nikolas Raysel çıxdığı ardıcıl 2-ci matçda fərqlənib. Çox keçmədən İbrahim Aslanlı mübarizəyə nöqtə qoyub: "Səbail" – "Qəbələ" 3:0. Beləliklə 22-ci turdan sonra yarış cədvəlində dəyişiklik olmayıb. 52 xalı olan Qarabağ əvvəlki kimi çempionata başçılıq edir və ən yaxın rəqibi “Neftçi”ni 11 xal qabaqlayır. İlk üçlüyü 36 xalla “Zirə” tamamlayır.