Aprelin 8-i dünyada Ədalətli İdman Günü kimi qeyd edilir. Ölkəmizdə idmanda ədalət prinsipinin və təmiz idman dəyərlərinin qorunmasından məsul qurum olan Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) aprel ayının ilk həftəsini “Ədalətli idman həftəsi” elan edib.
“Ədalətli idman həftəsi” çərçivəsində AMADA tərəfindən təmiz idman dəyərlərini təbliğ edən silsilə tədbirlər həyata keçirilib.
Həftəyə AMADA-nın İdmançılar Məsləhətçi Komissiyasının sədri, ikiqat Paralimpiya çempionu İlham Zəkiyevin idman ictimaiyyətinə “8 aprel günündə həmrəy olaq, çünki bizə ədalətli qələbələr yaraşır” müraciəti ilə start verilib.
“Ədalətli yarış - təmiz qələbə” şüarı altında keçirilən “Ədalətli idman həftəsi”ndə ölkədə fəaliyyət göstərən idman federasiyaları və təşkilatları fəal iştirak edib, müxtəlif idman növlərini əhatə edən tədbirlər keçirilib. Belə ki, Azərbaycan Milli Paralimpiya Komitəsi, Peşəkar Futbol Liqası, Azərbaycan Voleybol Federasiyası, Azərbaycan Velosiped İdmanı Federasiyası, Azərbaycan Gimnastika Federasiyası və Azərbaycan Atletika Federasiyası AMADA-nın təşəbbüsünə qoşularaq idmanda ədalət prinsipinin təbliğinə öz töhfələrini veriblər.
Azərbaycan Premyer Liqasının oyunlarında (“Qarabağ” – “Səbail”, “Qəbələ” – “Zirə”) futbolçular əllərində “Play true day” (Ədalətli İdman Günü) və “Ədalətli yarış - təmiz qələbə” şüarları ilə meydana çıxıblar. Yüksək Liqa çərçivəsində “Neftçi” - “Murov” və Super Liqada isə “Murov” - “Azərreyl” voleybol oyunlarında da idmançılar həmin şüarlarla və əlamətdar günü təbliğ edən geyimlərdə meydana çıxıblar. Həmçinin Azərbaycan Velosiped İdmanı Federasiyasının dağ velosipedi üzrə açıq çempionatında da Ədalətli İdman Günü xüsusi şəkildə qeyd edilib. Yarışda idmançılar hamısı bu günün əhəmiyyətinə uyğun olaraq xüsusi geyimlərdə yarışıblar. Azərbaycan Gimnastika Federasiyası və Azərbaycan Atletika Federasiyasının idmançıları da Ədalətli İdman Gününün təbliğində fəal iştirak ediblər. Həyata keçirilən tədbirlər əsasında və idmançıların iştirakı ilə AMADA tərəfindən xüsusi videoçarx da hazırlanıb.
AMADA Ədalətli İdman Gününü geniş və yüksək səviyyədə qeyd edilməsinə hər zaman xüsusi əhəmiyyət verir. Çünki Azərbaycan bütün sahələrdə olduğu kimi idmanda da ədalətin tərəfdarıdır və hər zaman təmiz idman dəyərlərinə sadiq ölkədir. “Ədalətli idman həftəsi” çərçivəsində keçirilən bütün tədbirlərdə idmanda ədalət prinsipinin əhəmiyyəti və təmiz idman dəyərlərinin qorunması geniş təbliğ edilib. Həftə ərzində AMADA-nın sosial şəbəkələrdəki hesablarında bununla bağlı ardıcıl paylaşımlar edilib və ədalətli idman gününün əhəmiyyəti geniş izləyici kütləsinə çatdırılıb. Məqsəd dürüstlük, rəqibə və qaydalara hörmət, sağlam rəqabət kimi dəyərlərin geniş idman ictimaiyyəti arasında yayılmasıdır. AMADA təmiz idman həftəsində fəal iştirak edərək ədalətli idmana töhfə verən bütün idman qurumlarına və idmançılara təşəkkürünü bildirir.
Xatırladaq ki, Ədalətli İdman Günü təşəbbüsü ilk dəfə 2013-cü il aprelin 10-da Cənubi Amerikanın 17 ölkəsinin iştirakı ilə keçirilən Ümumdünya Antidopinq Agentliyinin (ÜADA) təhsil konfransında irəli sürülüb. Daha sonra isə bu təşəbbüs qlobal çağırışa çevrilib və bütün dünyada geniş qeyd edilib. ÜADA-nın qərarı ilə Ədalətli İdman Günü bu il ilk dəfə olaraq aprelin 8-də “Sülh naminə ədalətli idman günü ” şüarı altında qeyd edilir.