UEFA Avropa Liqasının ¼ final mərhələsinə start verilib. Günün ən maraqla gözlənən qarşılaşması Frankfurt şəhərində keçirilib. Burada yerli “Ayntraxt” İspaniyanın “Barselona” klubu ilə üz-üzə gəlib. İlk hissədə tərəflər qapılar önündə təhlükəli vəziyyətlər yaratsalar da, hesab açılmayıb. Fasilədən sonra üstünlüyü ələ alan meydan sahibləri 48-ci dəqiqədə yerli azarkeşləri sevindiriblər. Anqsvar Knauf dəqiq zərbə ilə fərqlənib. Qoldan sonra irəli atılan “kataloniyalılar” çox keçmədən bərabərliyi təmin ediblər. 66-cı dəqiqədə Ferran Torres komandasını ümidləndirib. 10 dəqiqə sonra Frankfurt klubu azlıqda qalıb. Tuta birbaşa qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırılıb. Say üstünlüyü əldə edən Xavi Ernandezin komandası ələ düşən fürsətdən yararlana bilməyib: “Ayntraxt” – “Barselona” 1:1.

“Leypsiq” isə doğma meydanda “Atalanta”nı qonaq edib. Almaniya klubu ilk hissədə hesabda geri düşüb. Davide Dzapakkostanın ötürməsini Luis Muriel qolla tamamlayıb. Fasilədən sonra tarazlıq bərpa olunub. 58-ci dəqiqədə hakim “Atalanta”nın qapısına penalti təyin edib. Andre Silvanın zərbəsini “Atalanta”nın qolkiperi ustalıqla dəf edib. Təkrar cəhddə isə Villi Orban başla topu qapıya vurub. Lakin bu dəfə də Xuan Musso soyuqqanlığını itirməyib. Müdafiəçilər topu cərimə meydançasından uzaqlaşdırsa da, “Leyptsiq” futbolçuları yenidən hücuma çıxıblar. Qapı önünə ötürmədən sonra qonaqların müdafiəçisi Davide Dzappakosta avtoqol müəllifi olub. Qalan vaxt ərzində isə qapılar toxunulmaz qalıb: “Leyptsiq” – “Atalanta” 1:1.