UEFA Çempionlar Liqasında 1/4 finalın ilk oyunları yekunlaşıb.
Çempion “Çelsi” rekordçu “Real”ı qəbul edib. Qarşılaşma “Kral klubu”nun fransalı hücumçusu Kərim Benzemanın benefisinə çevrilib. O, 3 dəqiqəyə dubl edib. Təcrübəli futbolçu hər 2 qolu başla vurub. Fasiləyə kimi fərq azalıb. 40-cı dəqiqədə Kay Haverts toplardan birinin əvəzini çıxıb. Amma “Çelsi” daha artığına nail ola bilməyib. Fasilədən sonra Kərim Benzema het-trik edərək UEFA Çempionlar Liqası tarixinə düşüb. 34 yaşlı hücumçu “Pari Sen-Jermen”lə oyunda het-trik edəndən sonra yenə eyni uğuru təkrarlayıb. İndiyədək yalnız Kriştianu Ronaldu ardıcıl 2 pley-of matçında 3 qol vurmuşdu. Bundan başqa Benzema bu mövsüm 36-cı oyunda 36-cı dəfə fərqlənib. Onun het-triki “Real”a 3:1 hesablı qələbə qazandırıb.
“Bavariya” isə UEFA Çempionlar Liqasında 26 oyundan sonra səfərdə uduzub. Münhen futbolçuları “Vilyarreal”la bacarmayıblar. Arno Danjumanın 8-ci dəqiqədə vurduğu qol həlledici olub. Cavab oyunları aprelin 12-də keçiriləcək.