ATP reytinqində 2-ci pillədə qərarlaşan Daniil Medvedev və digər rusiyalı tennisçilər "Uimbıdon" turnirindən kənarda qala bilər. Bu barədə Brtitaniya mətbuatı məlumat yayıb. Əslində, rusiyalı tennisçilərin ilin 3-cü “Böyük Dəbilqə” seriyalı turnirindən diskvalifikasiya oluna biləcəyi bir neçə həftə əvvəl məlum idi. Sadəcə, tennis ictimaiyyəti Böyük Britaniyanın idman nazirliyinin son qərarını gözləyirdi. Amma son xəbərlərə inansaq, adıçəkilən quruma da ehtiyac qalmaya bilər. Məsələ ondadır ki, Uimbldonun təşkilat komitəsi də yerli qanunlara görə müstəqil qərar vermək hüququna malikdir. Yəni, təşkilat hər hansısa bir ciddi səbəb olduğu halda, istənilən tennisçiyə iştirak icazəsi verməyə bilər. Xatırladaq ki, hazırda rusiyalı tennisçilər beynəlxalq yarışlarda neytral statusla mübarizə aparır.
“Uimbldon”dan söz düşmüşkən, 8 dəfə bu turnirin qalibi olan Rocer Federerin Böyük Britaniyanın paytaxında mübarizəyə qoşulmaq ehtimalı çox azdır. O, ilin əvvəlində mətbuata verdiyi açıqlamada “Böyük Dəbilqə”lərdən yalnız US Openə qatıla biləcəyini bildirmişdi. Son vaxtlar turnirlərdə iştirak etmədiyinə görə, isveçrəli raketka ustası reytinqdə xeyli geriləyir. ATP-nin açıqladığı son reytinq cədvəlində Federer 18 pillə geriləyərək 44-cü yerə düşüb. Bu Rocerin 2000-ci ilin iyunun 5-dən sonra ən pis göstəricisidir. Həmin vaxt isveçrəli tennisçi 54-cü pillədə qərarlaşmışdı.