İngiltətə çempionatında 31-ci tura yekun vurulub.
Londonda yerli “Kristal Pelas” doğma meydanda şəhərin digər təmsilçisi “Arsenal” ilə üz-üzə gəlib. İlk dəqiqələrdən hücuma atılan meydan sahibləri 16-cı dəqiqədə istəyinə nail olub. Jan-Filip Mateta hesabı açıb. Qoldan sonra da təşəbbüsü əldən verməyən “Kristal Pelas” futbolçuları 8 dəqiqə sonra fərqi iki topa çatdırıb. Cordan Ayyu yerli azarkeşləri sevindirib. Qeyd edək ki, hər iki qolun məhsuldar ötürməsini Yoakim Andersen edib. Fasilədən sonra da rəqibi müdafiəyə çəkilməyə məcbur edən Partik Vieyranın kollektivi 74-cü dəqiqədə penalti vurmaq imkanı qazanıb. Vilfred Zaha fürsəti lazımınca dəyərləndirərək, mübarizəyə nöqtə qoyub: “Kristal Pelas” – “Arsenal” 3:0. Bu qələbə sayəsində xallarının sayını 37-ə çatdıran “Kristal Pelas” 37 xalla “Lester Siti” ilə birgə 9-cu, 10-cu pillələri bölüşür. 54 xalı olan “Arsenal” isə 5-cidir.