UEFA Çempionlar Liqasında 1/4 final həyəcanı başlayır.

Azarkeşlərin marağına səbəb olan qarşılaşma Mançester şəhərində keçiriləcək. Burada yerli “Mançester Siti” – “Atletiko” Madrid ilə görüşəcək. Qarşılaşmadan əvvəl keçirilən ənənəvi mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Pep Qvardiola maraqlı fikirlər bildirib. O, görüşün çətin keçəcəyini də gizlətməyib: "Bəli, Çempionlar Liqası mübarizəsi daha da maraqlı olmağa başlayır. Finala doğru irəliləmək hər komanda kimi bizim də arzumuzdur. Amma bunun üçün var gücümüzlə mübarizə aparmalıyıq. Rəqibimiz “Atletiko”dur. Komandanın adı belə bizi ehtiyyatlı olmağa sövq edir. Burada təhlükəli əks hücumları və komplektləşmiş heyəti olan komadadan söhbət gedir. İşimiz çətindir. Doğma meydanda qələbə qazanacağımıza inanırıq"

“Atletiko” ya  rəhbərlik edən Dieqo Simeone isə məhsuldar mübarizə gözlədiyini vurğulayıb: “Hər 2 komanda hücum etməkdən çəkinmir. Düşünürəm ki, Mançesterdə əsl futbol tamaşası izləyəcəyik. Azarkeşlər xeyli qol görəcək. Yüksək səviyyəli futbolçuların iştirakı ilə keyfiyyətli bir oyun olacaq. Çatışmazlıqlarımızı maksimum dərəcədə aradan qaldırıb ən üstün keyfiyyətlərimizi göstərərək sərfəli nəticə qazanmağa çalışacağıq”.

“Mançester Siti” – “Atletiko” Madrid oyunu bu gün Bakı vaxtilə gecə saat 23-də start götürəcək. Oyunu İştvan Kovaçın rəhbərlik etdiyi rumıniyalı hakimlər briqadası idarə edəcək.

.