"MotoGP" üzrə dünya çempionatının 3-cü mərhələsi başa çatıb.
Argentinanın Termas de Rio Ondo şəhərində keçirilən yarışda ispaniyalı motosikletçi Aleks Esparqaro uğur qazanıb. Təsnifat mərhələsində də rəqiblərini qabaqlayan “Apriliya” komandasının 32 yaşlı üzvü finiş xəttini 41 dəqiqə 36 saniyəyə keçərək karyerasında ilk dəfə MotoGP Qran-prisinin qalibi olub. Ondan 0,8 saniyə geridə qalan “Dukati” motosikletçisi Xorxe Martin 2-ci yerə çıxıb. “Suzuki”dən Aleks Rins isə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Ötən il karyerasında ilk dəfə dünya çempionu olan “Yamaha”nın fransalı üzvü Fabio Kuartararo isə gözlənilmədən yarışı 8-ci sırada başa vurub. Fərdi birinciliyə gəlincə, 45 xal toplayan Esparqaro turnir cədvəlinə başçılıq edir. Ondan 2 xal az toplayan Bred Binder 2-ci, hərəyə 36 xal yığan Enea Bastianini ilə Aleks Rins 3-4-cü pillələri bölüşür. Komandaların sıralamasında isə 61 xal toplayan “Dukati” komandası liderdir. Növbəti yarış həftəsonu Amerika Birləşmiş Ştatlarının Ostin şəhərində keçiriləcək.