Türkiyə çempiontında 31-ci turun mərkəzi matçı Trabzon şəhərində keçirilib. Burada yarış cədvəlinin lideri “Trabzonspor” Medikal Park stadionunda “Beşiktaş” ilə üz-üzə gəlib. İlk hissədə tərəflərin qarşılıqlı hücum cəhdləri nəticəsiz qalıb. Fasilədən sonra sürətini bir qədər də artıran “qara dəniz fırtınası” 56-cı dəqiqədə hesabı açıb. Hüseyn Türkmənin uzun ötürməsindən sonra Andreas Korneliyus topu qapıçının başı üzərindən qapıya göndərib. Çox keçmədən “qara qartal”ın tarazlıq yaratmaq üçün əla fürsəti olsa da, Mişu Batşuayi qeyri dəqiq oynayaraq İstanbul azarkeşlərini məyus edib. Lakin ruhdan düşməyən Valeryen İsmaelin kollektivi bərabərlik yarada bilib. Valentin Rozye komandasını ümidləndirib. Az sonra “Beşiktaş” futbolçuları azlıqda qalıb. 70-ci dəqiqədə meydana daxil olan Kayl Larin Manolis Siopisə qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırılıb. Say üstünlüyü qazana  “Trabzonspor” fürsəti dəyərləndirə bilməyib. Görüş heç-heçə yekunlaşıb: “Trabzonspor” – “Beşiktaş” 1:1.

Beləliklə, “Trabzonspor” 31 turdan sonra 71 xal toplayaraq çempionluğa bir qədər də yaxınlaşıb. “Beşiktaş” isə 47 xalla “Başakşəhər” və “Hatayspor”la birlikdə 5-7-ci pillələri bölüşür.