Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa çempionatı sona yaxınlaşır.
Yarışın 6-cı günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Murad Məmmədov (60 kq) ilk görüşdə ispaniyalı Daniel Bobilloya tam üstünlüklə qalib gəlib - 8:0. Məmmədov 1/4 finalda moldovalı Vitali Yeriomenkonu yolundan kənarlaşdırıb - 6:1. Murad yarımfinalda türkiyəli Kerem Kamala uduzub - 0:8. Həmyerlimiz bürünc medal uğrunda rumıniyalı Razvan Arnautla güləşib. Rəqibinə 5:2 hesabıyla qalib gələn Murad Avropa çempionatının bürünc medalına sahib çıxıb.
Həsrət Cəfərov (67 kq) 1/8 finalda almaniyalı Vitalis Lazovskidən güclü olub - 9:1. Cəfərov növbəti mərhələdə polşalı Mateuş Bernatek 5:2 hesabıyla məğlub edərək adını yarımfinala yazdırıb. Həsrət finalın bir addımlığında türkiyəli Murat Firara məğlub olub - 0:2. Cəfərov serbiyalı Sebastyan Nadla bürünc medal üçün güləşib. Rəqibini 8:1 hesabıyla üstələyən Həsrət Avropa üçüncüsü olub.
Ülvü Qənizadə (72 kq) ilk görüşdə almaniyalı Samuel Belşeidi xalçadan məyus yola salıb - 5:1. Qənizadə 1/4 finalda bolqar Deyvid Dimitrovla mübarizə aparıb. Qarşılaşmanın gedişində 0:4 hesabıyla geridə olan pəhləvanımız möhtəşəm geri dönüş edərək tam üstünlüklə qalib gəlib - 13:5. Ülvü yarımfinalda gürcü Şmaqi Bolkvadzeyə 1:4 hesabıyla məğlub olub. Güləşçimiz bürünc medal görüşündə litvalı Kristupas Sleyvayla üz-üzə gəlib. Qarşılıqlı xalların qazanıldığı maraqlı qarşılaşmada sevinən tərəf Qənizadə olub - 14:7. Beləliklə, Ülvü də bürünc medalçıların sırasına qoşulub.
Rafiq Hüseynovun (82 kq) startda çexiyalı Petr Novakı 5:1 hesabıyla üstələyib. Hüseynov 1/4 finalda macar Tamaş Levayla qarşılaşıb. Görüşün taleyini təcrübəli pəhləvanımızın ilk hissədə etdiyi uğurlu fənd müəyyənləşdirib - 2:0. Rafiq final yolunda moldovalı Mixail Braduya da gücünü göstərib - 2:0. Beləliklə, titullu güləşçimiz 3-cü dəfə Avropa çempionatının finalına yüksəlib. Hüseynov həlledici görüşdə gürcü Gela Bolkvadzeylə qarşılaşıb. Rəqibinə 2:1 hesabıyla qalib gələn Rafiq 3-cü dəfə Avropa çempionu olub. Bununla da o Azərbaycan yunan-Roma güləşi tarixində ən çox Avropa çempionu olan idmançı kimi yeni rekord müəyyənləşdirib.
Murat Lokyayev (97 kq) 1/8 finalda finlandiyalı Arvi Savolaynenlə bacarmayıb - 1:7. Ancaq rəqib finala yüksəldiyi üçün millimiz üzvü 3-cü yer uğrunda mübarizə aparmaq şansı əldə edib. Lokyayev təsəlliverici görüşdə yunan Laokratis Kesidisə vaxtından əvvəl qalib gəlib - 11:1. Murat həlledici görüşdə avstriyalı Daniel Qastla 1:4 hesabıyla uduzub və yarışı 5-ci pillədə başa vurub.
Beləliklə, AÇ-nin son günündə güləşçilərimiz 1 qızıl və 3 bürünc medal qazanıb. Yunan-Roma güləşçilərimiz ümumilikdə qitə birinciliyində 2 qızıl, 1 gümüş və 5 bürünc medal əldə edib.