Almaniyanın paytaxtı Berlində təşkil olunan FIDE Qran-prisinin III mərhələsində ölkəmizin yeganə təmsilçisi Şəhriyar Məmmədyarov yarımfinala vəsiqə uğrunda almaniyalı Vinsent Kaymerlə qarşılaşıb.
Hər iki qrossmeyster B qrupunu 3,5 xalla başa vurduğundan qalibi müəyyənləşdirmək üçün tay-breyk oynanılıb. İlk qarşılaşmada ağ fiqurlarla oynayan Məmmədyarov rəqibini məğlub edib. Qara fiqurlarla ikinci dueldə uduzan qrossmeysterimiz növbəti iki oyunda qələbə qazanaraq, yarımfinala yüksəlib. Məmmədyarov növbəti mərhələdə Amerika Birləşmiş Ştatları təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələcək. Qeyd edək ki, FIDE Qran-prisinin III mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur.