Boks həvəskarlarının səbirsizliklə gözlədiyi Aleksandr Usiklə Entoni Coşua arasındakı döyüşün məkanı məlum olub.
Böyük Britaniya mətbuatının əldə etdiyi məlumata görə, WBA, WBO, IBF və IBO versiyası üzrə superağır çəkidə qazandığı kəməri qorumaq üçün ukraynalı boksçu böyük britaniyalı rəqibi ilə təkrar görüşünü Səudiyyə Ərəbistanında keçirəcək. Döyüşün iyunun 25-də keçirilməsi planlaşdırılır. Xatırladaq ki, ötən il tərəflər arasında 12 raund davam edən qarşıdurmada Usik hakimlərin ümumi rəyi ilə qalib gələrək Coşuaya məxsus 4 kəmərə sahib çıxmışdı. Ukraynalı idmançı bu günə qədər peşəkar boksda keçirdiyi 19 görüşün hamısında qalib gəlib. Bu döyüşlərdən 13-nü nokautla yekunlaşıb.
Yeri gəlmişkən, döyüşə tam hazırlaşmaq üçün Aleksandr artıq Ukraynanı tərk edib. Məsələyə superağır çəkidə sabiq ukraynalı çempion Vladimir Kliçko da mübasibət bildirib: “Bunun Usik üçün həm müsbət, həm də mənfi tərəfləri var. Belə vəziyyətdə qərar qəbul etmək çox çətindir. İstənilən halda Usik bizim himni səsləndirəcək və bayrağımızı qaldıracaq. Məsələyə bu nəzərdən yanaşsaq, həmyerlimizin bu addımına müsbət yanaşmaq lazımdır”