Formula 1 üzrə Səudiyyə Ərəbistanı Qran-prisi başa çatıb.

Yarışın final mərhələsi gərgin mübarizə şəraitində yadda qalıb. Təsnifat mərhələsində 4-cü yeri tutan son dünya çempionu Maks Ferstappen sona doğru “Ferrari” pilotu Şarl Lekleri geridə qoyaraq karyerasında 21-ci dəfə finiş xəttini birinci keçib. “Red Bull” pilotu 50 dövrəni 1 saat 24 dəqiqə 19 saniyəyə qət edib. Ondan yarım saniyə geridə qalan ötən Qran-prinin qalibi Şarl Lekler 2-ci olub. Digər “Ferrari” pilotu Karlos Sayns finiş xəttini 3-cü keçib. Yarışı ilk sıradan başlayan Serxio Peres isə onu 4-cü sırada tamamlayıb. Yeri gəlmişkən, Bəhreyn Qran-prisində imkanlarından aşağı çıxış edən Mühəndislər Kubokunun son qalibi olan “Mersedes” komandası yenə də azarkeşlərini sevindirə bilməyib. Bu komandanın üzvü Corc Rassell 5-ci, 7 qat dünya çempionu Lüis Hemilton isə 10-cu yeri tutub. Aleksander Albon, Valtteri Botas, Fernando Alonso, Daniel Rikkardo və Nikolas Latifi isə müxtəlif səbəblərdən yarışı tamamlaya bilməyib. Koronavirusa yoluxan “Aston Martin” piltou Sebastyan Fettellə təsnifat mərhələsində ağır qəzaya uğrayan “Haas” sürücüsü Mik Şumaxer isə mübarizəyə qoşulmayıb.

Şəxsi birincilikdə vəziyyətə gəlincə, “Ferrari” pilotu Şarl Lekler 45 xalla liderliyini qoruyub. Ondan 12 xal az toplayan komanda yoldaşı Karlos Sayns 2-ci, Maks Ferstappen isə 25 xalla 3-cü yerdədir. Elə Mühəndislər Kubokuna da 78 xalla “Ferrari” başçılıq edir. “Mersedes” 38 xalla 2-ci, ondan bir xal az toplayan “Red Bull” 3-cüdür.