“Barselona” cinah hücumçusu Rafinyanın transferi ilə bağlı “Lids”lə danışıqlar aparır. Brazliyialı futbolçu İspaniya təmsçilçisi ilə anlaşsa da, klublar razılığa gələ bilmir. Məsələ ondadır ki, “Barselona” Rafinyaya görə “Lids”ə 35 milyon avro təklif edir. İngiltərə komandası isə qarşı tərəfdən 75 milyon avro istəyir. Xatırladaq ki, 25 yaşlı Rafinya vaxtilə Braziliyanın “Avay”, Portuqaliyanın “Vitoriya Gimaraynş”, “Sportinq” və Fransanın “Renn” klublarında çıxış edib. O, 2020-ci ildə 18,6 milyon avro müqabilində “Lids”ə transfer olunub.

“Barselona”dan söz düşmüşkən, hücumçu axtarışında olan La Liqa təmsilçisi Dortmund “Borussiya”sının hücumçusu Erlinq Holandı transfer edə bilməsə, Məhəmməd Salahla danışıqlara başlaya bilər. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Məsələ ondadır ki, 2023-cü ildə “Liverpul”la müqavilə müddəti başa çatacaq misirli futbolçu Mersisasyd klubu ilə yeni sözləşmə ilə bağlı anlaşa bilmir. Salah “Liverpul” rəhbərliyindən daha artıq məvacib tələb edir ki, bu da qarşı tərəfi razı salmır. “Barselona”nın təklifi isə Salahın diqqətini cəlb edib. Amma “Barsa”nın prezidenti Joan Laporta mətbuata açıqlamasında transfer siyasətlərində bir qədər ehtiyatlı olacaqlarını söyləyib. O, yüksək səviyyəli futbolçuların xidmətində maraqlı olduqlarını, lakin klubu maliyyə böhranına sala biləcək transferlər etməyəcəklərini bildirib.