Türkiyə çempionatının 29-cu turu İstanbul derbisi ilə əlamətdar olub.

"Qalatasaray" və "Beşiktaş" Super Liqa tarixində 352-ci İstanbul derbisində üz-üzə gəliblər. Ali Sami Yən İdman Kompleksində keçirilən qarşılaşmanın ilk 15 dəqiqəsi əsasən "Beşiktaş" futbolçularının sürətli hücumları ilə yadda qalıb. "Qara qartal"ın bir neçe epizodda fərqlənmək üçün əla fürsəti olsa da, müdafiəçilərin uğurlu çıxışı Ender Karavellinin kollektivinə mane olub. Hesab 22-ci dəqiqədə açılıb. Mustafa Muhammedin ötürdüyü topu gənc oyunçu Kerem Aktürkoğlu qüvvətli zərbə ilə qapıya vurub. Bu iki futbolçunun uğurlu çıxışı 10 dəqiqə sonra da nəticə verib. Misirli forvardın qapı önünə ötürməsini 23 yaşlı futbolçu başla qapıdan keçirərək dubl müəllifi olub. İkinci hissədə təşəbbüsü ələ alan "ağ qaralar" qarşılaşmanın sonlarında fərqi azaltsa da məğlubiyyətdən xilas ola bilməyib. Rıdvan Yılmaz mübarizəyə nöqtə qoyub: "Qalatasaray" – "Beşiktaş" 2:1. Beləliklə, qələbə sayəsində xallarının sayını 38-ə çatdıran "Qalatasaray" 11-ci pilləyə yüksəlib. "Beşiktaş" isə məğlubiyyət səbəbi ilə 1 pillə geriləyərək 45 xalla 8-ci yerə enib. Çempionata 70 xalı olan "Trabzonspor" başçılıq edir.