Çempionlar liqasının 1/8 finalında daha bir cavab görüşü “Mançester Siti” və “Sportinq” arasında keçiriləcək.

“Şəhərlilər”in heyətində Natan Ake, Joao Kanselu, və Ruben Diaş müxtəlif səbəblərdən komandalarına kömək edə bilməyəcəklər. “Sportinq”də isə Daniel Braqans, Mateus və Juan Palinya matçda iştirak etməyəcəklər. Portuqaliyada keçirilən ilk qarşılaşma Mançester klubunun 5:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın fikrincə, böyük hesablı üstünlüyə baxmayaraq matçın taleyi həll olunmayıb:“Əgər futbolçularım bu oyunda hesabı düşünüb rahatlıqla çıxış etsə, istədiyimiz nəticəni qazana bilmərik. Oyun tərzimizə sadiq qalacağıq. Daim pressinq etməli və topa daha çox sahib olmalıyıq. Bunu bacarsaq, Sitini növbəti mərhələdə görəcəyik”.

“Sportinq”in baş məşqçisi Ruben Amorim isə rəqib komandanın istedadlı futbolçulardan ibarət heyətə malik olduğunu bildirib: “Çox güclü kluba qarşı mübarizə aparacağıq. Rəqibin heyətində əsas heyət oyunçularının bəziləri görüşdə iştirak etməyəcək. Buna baxmayaraq “Mançester Siti”də onları əvəzləyəcək futbolçular kifayət qədərdir. Nəticənin necə olacağını demək çətindir. Yaxşı oyun göstərmək üçün əlimizdən gələni edəcəyik".

Xatırladaq ki, “Mançester Siti” – “Sportinq” matçı bu gün gecə yarısı başlanacaq.