Bu gün çempionlar liqasında 1/8 finalın 2 daha cavab görüşü keçiriləcək. Günün maraqla gözlənilən matçı Madriddə olacaq. “Real” İspaniyanın paytaxtında PSJ-ni qəbul edəcək.

Tərəflər arasındakı ilk qarşılaşma Paris təmsilçisinin minimal hesablı üstünlüyü ilə yekunlaşıb. Görüşdən öncə keçirilən mətbuat konfransında hər iki komandanın baş məşqçisi jurnalistlərin suallarını cavablandırıblar. Kral klubunun uğurları üçün çalışan Karlo Ançelotti Parisdəki matçı komandasının bu mövsümki ən pis oyunu adlandırıb. İtaliyalı mütəxəssis Kilian Mbappenin yüksək səviyyəli çıxışından da söz açıb: "Parisdəki qarşılaşmada ağıllı oyun göstərən komanda meydan sahibləri idi. Bilirəm ki, futbolçularım bu çətin görüşün məsuliyyətini dərk edirlər və meydanda var qüvvələrini ortaya qoyacaqlar. PSJ Mbappe kimi futbolçuya sahib olduğu üçün çox şanslıdır. Onun azarkeşlərimiz tərəfindən coşğuyla qarşılanması məni təəccübləndirməz. Real tərəfdRLARI belə futbolçuları sevir, amma komandamızın qələbəsi daha önəmlidir”.

PSJ-nin heyətində Neymar uzun sürən zədədən sonra bugünki oyunda komandasına kömək edə biləcək. O, 1-0 hesablı üstünlüyü qorumaq üçün hücum futbolunun daha effektli olacağına inanır. Paris klubunun baş məşqçisi Maurisio Poçettino da futbolçularının uğurla çıxış edəcəyini bildirib:“Hesabda üstün olmağımız heç nəyi həll etmir. Bernabeuda oynamaq hər zaman çətin olub. Buna baxmayaraq hücumda effektli oynaya biləcək futbolçularımız var. Görüşün taleyi əlimizdədir. Amma bizi çox çətin qarşılaşa gözləyir”.

Qeyd edək ki, Madridlilərin heyətində Kazemiro və Ferlan Mendi cəza səbəbindən oyunda iştirak etməyəcəklər. PSJ isə Ander Errera, Serxio Ramos və Leven Kurzavanın köməyindən yararlana bilməyəcək. Qeyd edək ki, “Real” Madrid – PSJ matçı bu gün gecə yarısı başlanacaq.