Konfrans Liqasının pley-off mərhələsində cavab görüşləri olub. Qarabağ Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda “Marsel”i qəbul edib.

İlk oyunda Fransada rəqibinə 1:3 hesabı ilə uduzan komandamız cavab qarşılaşmasına yaxşı başlayıb. Buna baxmayaraq, hesabı qonaqlar açıblar. Pap Qeye fərqlənib. Bundan sonra futbolçularımız təşəbbüsü tamamilə ələ alıblar. Rəqibi qapısına doğru sıxışdıran “Qarabağ” futbolçuları 35-ci dəqiqədə topu qapıdan keçirməyə nail olublar. Amma bu epiozodda İbrahima Vadji əllə oynayıb. Görüşün baş hakimi qolu qeydə alsa da, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbaov fair-play nümunəsi göstərib. O, İbrahima Vadjini yanına çağıraraq, topun əlinə dəyib dəyməməsini sorusub. Seneqallı futbolçunun etirafından sonra, bunu baş hakimə bildirməsini istəyib. Nəticədə qol qeydə alınmayıb. Beləliklə, Avrokuboklarda dəfələrə hakim haqsızlığı ilə üzləşən “Qarabağ” futbolçuları və baş məşqçisi ədalətli davranışları ilə fair play nümunəsi göstəriblər. Hissənin sonunda meydan sahibləri hesabı bərabərləşdirməyə yaxın olublar. Amma Toral Bayramovun cərimə zərbəsindən fərqlənməsinə rəqib qapıçı imkan verməyib.

Komandamız 2-ci hissəyə də yaxşı başlayıb. Futbolçularımız bir neçə epizodda qol vurmağa yaxın olublar. Amma bəzən qolkiper, bəzən də qeyri-dəqiqlik hesabın bərabərləşməsinə mane olub.

Əvəzində qonaqlar 2 dəfə fərqləniblər. Əvvəlcə Matteo Qenduzi qapını dəqiq nişan alıb. Görüşün sonunda isə Konrad de la Fuente yekun nəticəni müəyyənləşdirib 3:0.  Beləliklə hər iki qarşılaşmada rəqibinə uduzan “Qarabağ” Konfrans Liqasında mübarizəni dayandırıb.