İlk növbədə, Azərbaycan çempionatının qalibini və mükafatçıları təbrik etmək istəyirəm. Çempionatın qalibi Məhəmməd Muradlı çox yaxşı oyun nümayiş etdirdi. İlk mərhələdə sıralamada dördüncü olmaqla son anda finala qoşulan Məhəmmədin əsəblərinin möhkəm olması çempionluqda ona kömək etdi. O, final mərhələsində bütün oyunlarının gedişinə nəzarət etməyi bacardı və yekunda layiqli olaraq qızıl medal qazandı. Məhəmməd Muradlının istedadlı şahmatçı olması bizə məlumdur. O, hələ 2019-cu ildə ilk dəfə Azərbaycan çempionatında qalib gəlməklə diqqəti özünə cəlb edib. Buna görə Məhəmmədin ikinci dəfə çempion adını qazanması bizim üçün sürpriz olmadı.

Bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov Naxçıvanda təşkil edilən kişi şahmatçılar arasında Azərbaycan çempionatının nəticələri ilə bağlı qurumun mətbuat xidmətinə müsahibəsində deyib.

M.Məmmədov çempionatda Aydın Süleymanlının da mübarizəsini xüsusi vurğulayıb. Bildirib ki, o, yarımfinalda daha çox uğur qazana bilərdi. Hər iki partiyada müəyyən üstünlüyə nail olsa da, sonda istədiyi nəticəni qazana bilmədi. Vaxtı düzgün hesablaya bilməməsi və təcrübəsinin az olması sonda ona çətinlik yaratdı. Bu amillər Aydına finala çıxmağa imkan vermədi”.

Federasiya prezidenti turnirin gümüş medalçısı Misrətdin İsgəndərovun və ötən il Azərbaycan çempionatının qalibi olmuş bürünc medalın sahibi Vasif Durarbəylinin gözəl oyun nümayiş etdirdiklərini xüsusi vurğulayıb. Qeyd edib ki, milli komandanın üzvü Eltac Səfərlinin final mərhələsindən kənarda qalması gözlənilməz oldu. Bu, bir daha göstərdi ki, reytinq şahmatda nəticəni müəyyənləşdirmir. Çempion olmaq üçün yarış günü rəqibə qarşı ən yaxşı oyununu göstərməlisən və qalib gəlməyi bacarmalısan. Əfsuslar olsun, bu dəfə Eltac Səfərlidə alınmadı. Bununla belə onun yüksək səviyyəli şahmatçı olması hamıya məlumdur. Eltacın gələcəkdə böyük qələbələr qazanacağına inanırıq.

M.Məmmədov yarışın favoriti hesab edilən beynəlxalq qrosmeyster Nicat Abasovun koronavirusa yoluxduğu üçün çempionatda iştirak etmədiyini bildirib.

Qarşıda şahmatçılarımızı komandalar arasında dünya çempionatının gözlədiyini bildirən federasiya prezidenti yarışda millinin güclü heyətlə çıxış edəcəyini söyləyib: “Apreldə İsraildə kişi şahmatçılardan ibarət komandalar arasında dünya çempionatı keçiriləcək. Azərbaycan yığması da mötəbər yarışa dəvət alıb. Bilirsiniz ki, ötən il qadınlardan ibarət yığmamız dünya çempionatında mübarizə apardı. Hərçənd komandamızın çıxışı o qədər uğurlu olmadı. Yığmamız qrupdan çıxmağı bacarsa da, ilk pley-off görüşündə məğlub oldu. Komandalar arasında dünya çempionatında ən güclü heyətlə təmsil olunmağı planlaşdırırıq. Heyət və kapitan barədə yaxın günlərdə məlumat veriləcək”.