Formula 1-in aparıcı komandalarından olan “Mersedes” yeni mövsümdən əvvəl F1 W13 adlı bolidini ictimaiyyətə təqdim edib. Almaniya komandası yeni yarış ilində bolidində ənənəvi gümüşü boyaya üstünlük vermək qərarına gəlib. Yeri gəlmişkən, yeni reqlamentə əsasən, yarış avtomobillərin görüntüləri və texniki keyfiyyətləri müəyyən dəyişikliklərə uğrayacaq. Xatırladaq ki, “Mersedes” ötən mövsüm də Mühəndislər Kubokunun qalibi olub. Mart ayından start götürəcək çempionatda komandanın bolidlərini Lüis Hemilton və Corc Rassell idarə edəcək.
Yeri gəlmişkən, nüfuzlu “Motorsport” nəşrinin məlumatına görə, “Honda” ilə əməkdaşlığına son qoyulan “Red Bull” komandası “Porşe” mühərriklərindən istifadə edəcək. Tərəflərin artıq mart ayında müqaviləyə imza atacağı gözlənillir. Amma bu proses 2026-cı ildən tez baş verməyəcək. Bu müddət ərzində isə “Red Bull” öz hazırladığı mühərriklərlə yarışacaq.