Pekində keçirilən Qış Olimpiadasında 6-cı gün geridə qalıb. Qadınlar arasında snoubord yarışının hafpayp növündə amerikalı Xloya Kim 94 balla karyerasında ikinci dəfə Olimpiya çempionu olub. İspaniyalı Keralt Kastelyet ikinci, yaponiyalı Sena Tomita 3-cü olub.
Kişilər arasında fiqurlu konkisürmə yarşında Neyten Çen möcüzəsi davam edir. Bir neçə gün əvvəl komanda yarışında gümüş medal qazanan amerikalı 4 qat dünya çempionu bu dəfə sərbəst proqramda 332,60 bal toplayaraq fəxri kürsünün üst pilləsinə qalxıb. Yaponiyalı fiqurlu konkisürənlər Yuma Kaqiyama ilə Söma Uno müvafiq olaraq gümüş və bürünc medal qazanıb.
Kişi dağxizəkçilərinin slalom yarışının superkombinasiyasında 2 dəqiqə 31 saniyəlik nəticə ilə avstriyalı Yohannes Ştrolts qızıl medala sahib çıxıb. Ondan 0,59 saniyə geri qalan norveçli Aleksander Omodt Kilde 2-ci, kanadalı Ceyms Krouford 3-cü olub.
Daha bir avstriyalı Aleksandro Hemmerle kişilərin snoubord-kross yarışında qalib gəlib. Kanadalı Eliot Qronden gümüş, italiyalı Omar Vizantin bürünc medalı boynundan asıb.

Pekin Olimpiadasının ilk qızıl medalının qazanan norveçli 14 qat dünya çempionu Tereza Yohauq qadınlar arasında 10 km məsafəyə klassik üslubda qaçış yarışında 28 dəqiqə 6 saniyəlik nəticə ilə növbəti dəfə fəxri kürsünün üst pilləsinə qalxıb. Onu finlandiyalı xizəkçilər Kerttu Niskanenlə Krista Pryamyakoski izləyib.

Fristaylçıların akrobatika yarışnın mikst növündə Amerika Birləşmiş Ştatları millisi çempion olub. Çin və Kanada yığmaları müvafiq olaraq 2-ci 3-cü ən yaxşı nəticə göstərib.

2 gün əvvəl qadınlar arasında 3000 metr məsafəyə konkisürmə yarışında olimpiya çempionu olan niderlandlı İren Sxauten bu dəfə 5000 metr məsafəni 6 dəqiqə 43 saniyəyə qaçaraq rəqiblərinə heç bir şans verməyib. Ondan 4 dəqiqə geri qalan kanadalı İzabel Vaydeman 2-ci yerə sahib çıxıbsa, çexiyalı Martina Sablikova 3-cü yeri tutub.

Kirşə idmanının estafet növündə almaniya millisi Olimpiya çempionu olub. Avstriya yığması gümüş, Latviya komandası bürünc medala sahib çıxıb.

Kişilər arasında hokkey turnirində isə A qrupunda Kanada millisi Pxençxan Olimpiadasının gümüş mükafatçısı Almaniya seçməsini 5:1 hesabı ilə darmadağın edib. Olimpiadalar tarixində debüt oyununa çıxan Çin yığması Amerika Birləşmiş Ştatlarına 0:8 hesabı ilə məğlub olub. C qrupunda İsveç millisi Latviya komandasını 3:2, Finlandiya yığması isə Slovakiya seçməsini 6:2 hesabıyla üstələyib.