Qarşıdakı mövsümə hazırlaşan “Red Bull” çempionat ərəfəsində yeni bolidini ictimaiyyətə təqdim edib. Amma Avstriya komandası indiki məqamda bolidin bütün keyfiyyətlərini nümayiş etdirməkdən boyun qaçırıb. Komanda RB18 adlı yeni bolidinin yalnız şəkillərini paylaşıb. Qeyd edək ki, yeni mövsümdən tətbiq olunacaq texniki reqlamentə əsasən, komandaların yarış maşınlarında bəzi dəyişikliklər olacaq. Bu mənada “Red Bull” da yeni qaydalara uyğun bolid hazırlayıb. Xatırladaq ki, növbəti mövsümdə də son dünya çempionu Maks Ferstappen və meksikalı pilot Serxio Peres “qırmızı öküzlər”in “sükan arxası”nda əyləşəcək.

Yeri gəlmişkən, “Red Bull” yeni sponsorla anlaşıb. Nüfuzlu “Assoşeyted Press” agentliyinin məlumatına görə, Amerika Birləşmiş Ştatlarının “Oracle” şirkəti ilə 5 illik müqavilə imzalayan avstriyalılar bu müddət ərzində 500 milyon dollar qazanacaq. Bununla yanaşı, bu şirkətin adı həmçinin komandanın rəsmi adına əlavə ediləcək.