İsveçin Piteo şəhərində hər il keçirilən “Çempionların yarışı” rallisi başa çatıb.

Müxtəlif kateqoriyalı yarış avtomobillərinin pilotlarının mübarizəsində bu dəfə ralli üzrə 9 qat dünya çempionu Sebastyan Löb uğur qazanıb. 47 yaşlı fransalı pilot həlledici mərhələdə Formula 1 pilotu Sebastyan Fetteli 3:1 hesabı ilə üstələyib. Xatılrladaq ki, Löb 2003, 2005 və 2008-ci illərdə də “Çempionlar yarışı” rallisinin qalibi olmuşdu. Bununla da karyerasında 4-cü də bu yarışı qazanan Sebastyan Didye Oriolun rekordunu təkrarlayıb. Fettel isə 2015-ci ildə şou xarakterli tədbirdə uğur qazanmışdı.
Yeri gəlmişkən, Piteodakı yarışın 1/8 final mərhələsində Sebastyan Löb Petter Solberqi, ¼ finalda Oliver Solberqi, yarımfinalda isə Mattias Ekstemi mübarizədən kənarlaşdırmışdı. Fettel isə finala gedən yolda Emmi Kimilaynen, Kolton Hert və Tom Kristensenlə mübarizədən qalib ayrılmışdı. Qeyd edək ki, bu yarışda Fettellə yanaşı Formula 1 pilotlarından Mik Şumaxer də iştirak edirdi. Amma “Haas” komandasının pilotu ilk mərhələdə Ceymi Çedvikə məğlub olaraq mübarizəni dayandırıb.