İspaniya Superkubokunun yarımfinalında azarkeşlər “El-Klasiko” izləyəcəklər. Oyundan öncə keçirilən mətbuat konfransında hər iki komandanın baş məşqçisi jurnalistlərin suallarını cavablandırıblar. “Real Madrid”in təcrübəli məşqçisi Karlo Ançelotti həmkarı Xavinin fəaliyyətini yüksək qiymətləndirib. 62 yaşlı mütəxəssis eyni zamanda əlavə təzyiq hiss etmədiyini və azarkeşlərin gözləntilərini anladığını vurğulayıb: “Xavi komandadan nə istədiyini və necə oynamalı olduqlarını çox yaxşı bilir. “El-Klasikonun necə vacib oyun olduğu hər kəsə məlumdur. Futbolçularım özlərini favorit hesab etsə, narahat olaram. Onlar rəqibə hörmətlə yanaşırlar”.
“Barselona”nın baş məşqçisi Xavi Ernandes isə rəqibin optimal heyətlə meydana çıxmağını istəyir. Onun fikrincə, bu amil “Barselona”nın əsl gücünü görməyə kömək edəcək: “Real”ın meydana əsas heyətlə çıxmağı bizim əsl gücümüz haqda təsəvvür yaradacaq. Nəticədən asılı olmayaraq öz üzərimizdə işləməyə davam edəcəyik. Finala yüksəlmək üçün əlimizdən gələni etməliyik. Ümid edirəm ki, bu El-klasiko bizim üçün dönüş nöqtəsi olacaq”.
“Barselona”da Martin Breytveyt, Serji Roberto, Erik Qarsiya zədə səbəbilə matçı buraxmalı olacaq. “Real Madrid” isə Qareyt Beyl və Mariano Diyazın köməyindən yararlana bilməyəcək. Görüş bu gün Bakı vaxtilə 23-də Səudiyyə Ərəbistanının “Kinq Fahd” stadionunda başlanacaq.