Səudiyyə Ərəbistanının Ciddə şəhərindən start götürən “Dakar” ralli marafonu davam edir.
Yarışın üçüncü günündə azarkeşlər müxtəlif kateqoriyalar üzrə pilotlar arasında gərgin mübarizənin şahidi olub. Kvadrotsikl sürücülərinin yarışında “Yamaha”nı təmsil edən Pablo Sebastyan Kopetti uğur qazanıb. O, finiş xəttini 3 saat 12 dəqiqə 48 saniyəyə qət edib. Ondan 2 dəqiqə geri qalan komanda yoldaşı Aleksandr Jiru 2-ci yerə yüksəlib. “Yamaha”nın digər pilotu Manuel Anduxar 3-cü olub. Maraqlıdır ki, bu yarışda ilk 5 pillənin hamısını “Yamaha” pilotları tutub.
Yarışın ikinci günündə finiş xəttini birinci keçən ralli üzrə 9 qat dünya çempionu Sebastyan Löb bu dəfə uğurunu təkrarlaya bilməyib. O, gözlənilmədən mübarizəni 22-ci sırada başa vurub. Minik avtomobillərinin pilotları arasındakı yarışda bu dəfə “Audi” komandasının aparıcı üzvü Karlos Sayns qalib gəlib. O, 2 saat 26 dəqiqə 51 saniyəlik nəticə ilə fəxri kürsünün üst pilləsinə yüksəlib. Ondan 38 saniyə geri qalan “Toyota” pilotu Henk Lateqan 2-ci olub. “Audi”dən Stefan Peteransel 3-cü yeri tutub. Yeri gəlmişkən, “Toyota” komandasının üzvü Ciniyel De Vilyers yarışın gedişində motosikletçilərdən birini vurub. Xoşbəxtlikdən motosikletçi ciddi xəsarət almayıb. Buna baxmayaraq, De Vilyers 5 dəqiqə müddətində cərimələnib.
Yük maşınlarının pilotları arasında keçirilən yarışda isə “Kamaz” yenə də uğurlu çıxışını davam etdirib. İlk yarış gününün qalibi olan Dmitri Sotnikov bu dəfə də rəqiblərinə heç bir şans verməyib. O, finiş xəttini 2 saat 43 dəqiqə 25 saniyəyə qət edib. Ötən yarış gününün qalibi Andrey Karginov isə ondan 1 dəqiqə 10 saniyə geri qalıb. “İveko” pilotu Yanus van Kasteren isə 3-cü olub.
Motosikletçilərin mübarizəsində isə nəhayət ki, CAN-AM komandasının pilotlarının hegemonluğuna son qoyulub. Yarışın 3-cü günündə HERO komandasının üzvü Xoakim Rodriges 2 saat 34 dəqiqə 31 saniyəlik nəticə ilə qalib gəlib. Ondan 1 dəqiqə 3 saniyə geri qalan KTM komandasının pilotu Tobi Prays 2-ci yerə sahib çıxıb. Praysın komanda yoldaşı Meyson Klyayn 3-cü olub.