Avstraliya Açıq Tennis turnirinin təşkilat komitəsi koronavirusla bağlı təhlükəsizlik tədbirlərini gücləndirir.

Yarışın rəhbərliyi bütün tennisçilər qarşısında məcburi vaksinasiya tələbi qoyub. Hətta bu tələblə razılaşmayan ATP reytinqinin lideri Novak Cokoviç Melburndakı turnirdə iştirakdan imtina edə bilər. Buna baxmayaraq, “Australian Open”in məsul şəxsləri bəzi tennisçilərə güzəştə getmək qərarına gəlib. Fransanın nüfuzlu “Ekip” nəşrinin məlumatına görə, artıq raketka ustalarına bununla bağlı məktub ünvanlanıb. Belə ki, bəzi şərtlər müqabilində tennisçilər peyvənd olunmaya bilər. Bunlardan biri son 6 ay ərzində koronavirusa yoluxan tennisçilərə aiddir. Bununla yanaşı, ilk dozanın qəbulundan sonra səhhətində problemlər yaşayan idmançılar da ikinci dəfə peyvənd olunmağa məcbur edilməyəcəklər. Həmçinin allergiyası olan raketka ustaları da vaksin olunmadan “Australian Open”də iştirak edə biləcək.