Koronavirus pandemiyası ilə əlaqədar bu il olduğu kimi, yeni mövsümdə də Avstraliya Açıq tennis turnirinin təşkilatçıları sərt tədbirlər həyata keçirəcək. Məsələn, bu ilin əvvəlində Melburnda iştirak edən tennisçilər məcburi şəkildə 2 həftəlik karantinə alınmışdı. Təşkilat komitəsi bu dəfə də eyni qaydanı tətbiq etmək istəyir. Amma bu mənada vaksinasiya prosesindən keçən idmançılara güzəşt olunacaq. Hər iki dozanı qəbul edən raketka ustaları Avstraliyaya yola düşməzdən 72 saat əvvəl testdən keçməlidir. Onlar Melburna gəldikdən sonra növbəti dəfə yoxlanışa cəlb olunmalıdır. Testlərin nəticəsi neqativ çıxan tennisçilər yarışa sərbəst şəkildə hazırlaşa bilər. Vaksinasiya prosesindən keçməyən tennisçilər isə məcburi şəkildə iki həftəlik karantində qalacaq. Bu şərtləri qəbul etməyənlər isə ümumiyyətlə Avstraliyaya buraxılmayacaq. Mətbuata açıqlama verən Avstraliyanın Viktoriya ştatının baş naziri Deniel Endryus məlumatı təsdiqləyib. O, hətta bu qaydaların azarkeşlərə də aid olacağını söyləyib. Belə ki, tribunalara peyvənd olunmayan tennis fanatları buraxılmayacaq.

Yeri gəlmişkən, mətbuat vaksinasiya prosesindən keçməyən tennisçiləri də müəyyənləşdirməyə çalışıb. Bu mövsüm ABŞ Açıq tennis turnirinin qalibi olan Daniil Medvedev peyvənd olunmayacağını söyləyib. O bunu etiraf etsə də, səbəbini açıqlamayıb. Buna baxmayaraq, rusiyalı raketka ustası Melburnda çıxış etmək üçün iki həftəlik karantində qalmağa razı olduğunu söyləyib. Stefano Tsisipasla Andrey Rublyov da bir neçə ay əvvəl peyvənd olunmayacaqlarını söyləsələr də, sonrada məhdudiyyətlərlə üzləşəcəklərinə görə fikirlərindən daşınıblar. Peyvənd olunmayan tennisçilər arasında Novak Cokoviçin də adı çəkilir. Hətta Avstraliyada tətbiq olunacaq məhdudiyyətlərə görə serbiyalı tennisçi Melburna gəlməyəcəyini də istisna etməyib.