Avroliqanın 2-ci turunda Türkiyə komandaları fərqli nəticələr göstəriblər.

“Fənərbağça” İstanbulda “Olimpiakos”u qəbul edib. Prinsipial rəqiblərin qarşılaşmasında qonaqlar inamlı qələbə qazanıblar. Artıq 6-cı dəqiqədə Tikiyo Suareş Yunanıstan klubunun ilk qolunu vurub. Fasilədən sonra Georqos Masuras diqqət mərkəzinə düşüb. O, 2 dəfə topu qapıdan keçirib. Hər iki halda Məhəmməd Kamara məhsuldar ötürmənin müəllifi olub. Beləliklə, “Olimpiakos” 3:0 hesablı qələbə qazanıb. Qrupun digər oyununda “Ayntraxt” Belçikada “Antverpen”i minimal hesabla məğlub edib. 2 turdan sonra “Olimpiakos” 6 xalla qrup lideridir. “Ayntraxt”ın aktivində 4, “Fənərbağça”nın 1 xalı var. Hər iki görüşündə uduzan Belçika klubu isə autsayderdir. Növbəti turda “Fənərbağça” “Antverpen”i, “Ayntraxt” isə “Olimpiakos”u qəbul edəcək.

İstanbulun digər təmsilçisi “Qalatasaray” isə qrup liderliyini qoruyub. Fatih Terimin komandası Marseldən yerli klubla sülh bağlayıb. Görüşdə qol vurulmayıb.  Qrupun digər matçında isə “Latsio” doğma arenada “Lokomotiv”i 2:0 hesabı ilə məğlub edib. 2  turdan sonra Türkiyə komandası 4 xalla qrupa başçılıq edir. “Latsio” ondan 1 xal geri qalır. “Marsel”in aktivində 2, “Lokomotiv”in isə 1 xal var. Növbəti turda “Qalatsaray” Moskvaya, “Marsel” isə Romaya səfər edəcək.