Çempionlar Liqasının B qrupunun 2-ci turunda “Atletiko” Milanda yerli komandanı məğlub edib. Hərçənd ki, hesabı meydan sahibləri açıblar. Rafael Leao fərqlənib. Az sonra Frank Kesye qırmızı vərəqə ilə cəzalandırılıb. Say üstünlüyü əldə edən Atletiko futbolçuları 84-cü dəqiqədə tarazlığı bərpa edə biliblər. Antuan Qrizmann hədəfdən yayınmayıb. Görüşün son saniyələrində “Milan”ın qapısına penalti təyin edilib. Fürsəti qaçırmayan Luis Suares həm komandasına qələbə qazandırıb həm də uğursuz seriyaya son qoyub. Belə ki, uruqvaylı forvard 6 il idi ki, Çempionlar Liqasında səfərdə qol vura bilmirdi. O, sonuncu dəfə 2015-ci ildə Barselonada çıxış edərkən “Roma” ilə səfər görüşündə fərqlənmişdi.
“Liverpul” qələbə qazanmaqda çətinlik çəkməyib. İngilis klubu Portuqaliyada “Portu”nu böyükhesbala məğlub edib. 1 saat ərzində qonaqlar 3 qol vurublar. Hesabı Məhəmməd Salah açıb. Ardınca Sadio Mane qapını dəqiq nişan alıb. Fasilədən sonra Salah dubl edib. 75-ci dəqiqədə Mehdi Taremi buraxılan toplardan birinin əvəzini çıxsa da, bu yalnız təsəlli olub. Qalan vaxtda Roberto Firminyo 2 qol vuraraq “Liverpul”a 5:1 hesablı qələbə qazandırıb. Hazırda “Liverpul” 6 xalla qrup liderdir. “Atletiko” ondan 2 xal geri qalır. Növbəti turda bu komandalar Madriddə üz-üzə gələcəklər. Aktivində 1 xalı olan “Portu” isə hər iki görüşündə uduzan “Milan”ı qəbul edəcək.