Premyer Liqasında 7-ci tura iki oyunla yekun vurulub.

“Rubin” Kazanda  “Ural”ı qəbul edib. Meydan sahiblərinin fəallığı artıq 2-ci dəqiqədə öz bəhrəsini verib. Komandanın yeni transferi danimarkalı Aders Dreyer Kvaratsxeliyanın ötürməsindən sonra topu qapıdan keçirib. Sluçkinin baş məşqçisi olduğu komanda 13-cü dəqiqədə qonaqları ikinci dəfə oyuna mərkəzdən başlamağa məcbur edib. Bu  dəfə stadiona yerli azarkeşləri Artyom Maminin avtoqolu sevindirib.  2-0. Komandalar fasiləyə elə bu hesabla yollanıblar. Rubin klubunun futbolçuları ikinci hissədə də üstünlüyü əldən verməyiblər. Bunun nəticəsi kimi Dreyer 79-cu dəqiqədə rəqib qapısına özünün ikinci, komandasının 3-cü qolunu vurub. Əlavə vaxtda rəqib qapısından daha bir top keçirən Dreyer, həm debüt matçında het-trik edib, həm də oyunun yekun nəticəsini müəyyənləşdirib:  “Rubin” – “Ural” 4-0

Günün daha bir qarşılaşması “Rostov” və “Krasnodar”  komandaları arasında olub. Tərəflər hərəyə bir qol və bir xalla kifayətləniblər:  “Rostov” – “Krasnodar”. 1-1.  Bu nəticələrdən sonra turnir cədvəlinə 7 oyuna 17 xal toplayan “Zenit” başçılıq edir. Liderdən 3 xal geri qalan “Rubin” 4-cü, “Krasnodar” 10 xalla 7-ci pillədə qərarlaşıb. “Rostov”  6 xalla 12-ci, aktivində 2 xalı olan “Ural” isə sonuncu yerdədir.