Almaniya bundesliqasında 4-cü tur yekunlaşıb.
İlk 3 turda uduzan “Herta” nəhayət uğursuzluğa son qoyub. Berlin klubu səfərdə “Bohum”u məğlub edib. Qarşılaşmanın qəhrəmanı Suat Sərdar olub. O fasiləyə kimi 2 qol vurub. 37-ci dəqiqədə hesabı açan futbolçu hissənin sonunda dubl edib. 2-ci yarıda Simon Zoller meydan sahiblərini ümidləndirsə də, bu yalnız təsəlli olub. Qalan vaxt ərzində Mizyan Maolida qol vuraraq görüşdə son nöqtəni qoyub. Beləliklə rəqibini 3:1 hesabı ilə məğlub edən “Herta” mövsümdə ilk qalibiyyətini əldə edib.
Mönxenqladbax “Borussiya”sı da ilk qələbəsini 3:1 hesabı ilə qazanıb. Komanda doğma meydanda “Arminya”nı xalsiz qoyub. 35-ci dəqiqədə Lars Ştindl hesabı açıb. Hissənin sonunda Masaya Okuqava tarazlığı bərpa edib.
Amma fasilədən sonra meydan sahibləri yenidən hesabda önə keçiblər. 69-cu dəqiqədə Lars Ştindl dubl edib. Qarşılaşmada son nöqtəni Denis Zakaria qoyub: “Borussiya” M – Arminya 3:1.