İngiltərə Premyer Liqasında 4-cü turun bir oyunu keçirilib.

“Liverpul” səfərdə “Lids”lə qarşılaşıb. Oyuna yaxşı başlayan qonaqlar 20-ci dəqiqədə istəklərinə nail olublar. Məhəmməd Salah fərqlənib. Bu misirli ulduzun premyer liqada ümumilikdə 100-cü qolu olub. Salah İngiltərə çempionatında bu həddə çatan 30-cu futbolçu kimi tarixə düşüb. İlk hissəni minimal hesablı üstünlüklə başa vuran mersisaydlılar fasilədən sonra hesabı artırıblar. Fabinyo hədəfdən yayınmayıb. Az sonra “Lids” meydanda azlıqda qalıb. Paskal Ströyk qırmızı vərəqə ilə cəzalandırılıb. Say üstünlüyü əldə edən qonaqlar oyunun sonunda daha bir qol vurublar. Sadio Mane yekun nəticəni müəyyənləşdirib - 3:0. Qeyd edək ki, 4 turdan sonra “Liverpul”, “Çelsi” və “Mançester Yunayted”lə bərabər 10 xalla turnir cədvəlinə başçılıq edir. Liderlər qrupunu 9 xalla “Mançester Siti”, “Brayton” və “Tottenhem” izləyir.