“Mançester Yunayted” Kriştianu Ronaldunu ictimaiyyətə təqdim edib.

Təcrübəli hücumçunun transfer qiyməti 15 milyon avro təşkil edib. Bu məbləğ “Yuventus”a qarşıdakı 5 il ərzində ödənilməlidir. Bundan başqa, Ronaldu nailiyyətlər əldə edəcəyi təqdirdə Turin təmsilçisinə 8 milyon avro əlavə bonuslar da nəzərdə tutulub. Kriştianu ilə 2 illik müqavilə imzalanıb. O, etimadı doğruldacağı halda sövdələşmə müddəti daha 1 il artırılacaq. Əvvəlcə komandanın baş məşqçisi Ule Qunnar Sulşerlə görüşən portuqaliyalı hücumçu artıq “qırmızı şeytanlar”ın düşərgəsində ilk məşqə də çıxıb. Təqdimat mərasimində jurnalistlərin suallarını cavablandıran Ronaldu keçidi ilə bağlı bunları söyləyib: “Bura tətil üçün gəlməmişəm. Əvvəllər “Mançester Yunayted”də mənim üçün hər şey qaydasında idi. Mütəmadi uğurlar qazanırdıq. Uzun illər bu formanın şərəfini qorudum. İndi yenə də böyük qələbələr üçün buradayam. Oynamağa hazıram və düşünürəm ki, yaxın 3-4 il ərzində “Yunayted”də əsas futbolçu olacağam.”

Keçiddən dərhal sonra portuqaliyalının “Mançester Yunayted” köynəyi 24 saat ərzində rekord sayda satılaraq Ginnesin Rekordlar kitabına düşüb. Qeyd edək ki, Kriştianu Ronaldu bundan əvvəl 2003-2009-cu illərdə “Mançester Yunayted”in heyətində çıxış edib. O, “mankunyanlar”ın heyətində 3 dəfə İlgiltərə çempionluğu sevinci yaşayıb. 1 dəfə FA kuboku, 2 dəfə İngiltərə Liqa kuboku və 2 dəfə İngiltərə Super Kubokunun sahibi olub. “Qırmızı şeytanlar”ın heyətində Avropa səhnəsindəki uğurlara gəlincə, Ronaldu 2007-2008-ci illər mövsümündə UEFA Çempionlar Liqasının, 1 dəfə isə FİFA Klublararası Dünya Çempionatının ali mükafatını başı üzərinə qaldırıb.