Millimiz bu gün dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 3-cü matçında Lüksemburq yığmasının qonağı olacaq. Oyun öncəsi Azərbaycan millisinin heyətində itki yoxdur. Meydan sahiblərində isə 4 futbolçu matçı buraxacaq. Onlardan Dioqo Pimentel və Eldin Dzoqoviç koronavirusa yoluxduqları üçün, Marvin Martins və Kris Filipps isə zədə səbəbindən meydana çıxa bilməyəcək. Bu kollektivlər arasında indiyədək keçirilən 5 oyunun 3-də heç-heçə qeyd alınıb. Komandalar hərəyə bir qələbə qazanıblar. Komandamız səfərdə rəqibinə uduzmayıb. Millimizin baş məşqçisi Canni De Byazi futbolçuların görüşə hazır olduqları bildirib: “Çox vacib qarşılaşmadır. Hazırda xalımız yoxdur. Əlimizdən gələni edəcəyik. Fikirləşirəm ki, yaxşı oyun göstərəcəyik. meydana ən yaxşı və ən hazırlıqlı futbolçular çıxacaq. Az müddətdə 3 vacib görüş keçirəcəyik. Yaxşı başlamaq istəyirik. Komandamız getdikcə daha da inkişaf edir. Rəqibin heyətində xeyli sayda legioner var. Gözəl meydançada oynayacağıq. İnanıram ki, qalib gələn tərəf biz olacağıq”.
Lüksemburq seçməsinin baş məşçqisi Luk Holts mətbuat konfransında şansların bərabər olduğunu bildirib: “Azərbaycan millisi möhkəm komandadır. Hər iki komandanın qalib gəlmək şansı 50 faizdir. Təbii ki, 3 xal qazanmaq üçün meydana çıxacağıq. Rəqibin gücünü nəzərə almaqla bunu etmək asan olmayacaq”.
Qeyd edək ki, 2 oyundan sonra xalı olmayan Azərbaycan sonuncu pillədə qərarlaşıb. Lüksemburq isə 3 xalla üçüncüdür. Bu qrupun digər matçında Portuqaliya seçməsi doğma meydanda İrlandiya futbolçuları ilə qarşılaşacaq. Lüksemburqda “Stade de Luxembourg” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Görüşü Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edəcək.