Futbolçumuz Mahir Emrelinin şərəfini qoruduğu “Legiya” UEFA Avropa Liqasının pley-offunda cavab oyununa çıxıb. Polşa klubu səfərdə “Slaviya” ilə 2:2 hesablı heç-heçə edəndən sonra rəqibilə doğma meydanda üz-üzə gəlib. Qonaqlar qarşılaşmanın əvvəlində böyük uğursuzluğa məruz qalıblar. 3-cü dəqiqədə Tomaş Qoleş meydandan çıxarılıb. “Slaviya” azlıqda qalsa da, ilk hissənin sonuna yaxın hesabı açıb. Ubonq Ekpayın qüvvətli zərbəsi dəqiq alınıb. Amma “Legiya” fasilədən sonra dönüş edib. 59-cu dəqiqədə millimizin üzvü Mahir Emrelinin topa başla endirdiyi effektli zərbə dəqiq alınıb. 70-ci dəqiqədə Emreli yenə də başla fərqlənərək dubl edib. “Legiya” futbolçumuz sayəsində irəli çıxaraq sərfəli hesabı qoruyub. Varşava klubu 2 oyunun yekun nəticəsinə əsasən 4:3 hesabilə qələbə qazanaraq UEFA Avropa Liqasının qrup mərhələsinə çıxıb. “Slaviya” isə UEFA Konfrans Liqasının analoji mərhələsində mübarizə aparacaq.