UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılıb.

Türkiyənin İstanbul şəhərində təşkil olunan tədbirdə futbolçu karyerasını “Səbail”də başa çatdırmış Maykl Essyen və “Çelsi”nin heyətində məşhurlaşan daha bir futbolçu Branislav İvanoviç iştirak edib. Qruplara gəlincə, A qrupunda "Mançester Siti", PSJ, "Leyptsiq", "Brügge", B qrupunda "Atletiko",  "Liverpul", "Portu", "Milan", C qrupunda “Sportinq”, “Borussiya Dortmund”, “Ayaks”, “Beşiktaş”, D qrupunda “İnter”, “Real Madrid”, “Şaxtyor Donetsk”, “Şerif”, E qrupunda “Bavariya”,”Barselona”, “Benfika”, “Dinamo Kiyev”, F qrupunda “Vilyarreal”, “Mançester Yunayted”, “Atalanta” “Yanq Boyz”, G qrupunda “Lil” , “Sevilya”, “Zaltsburq”, “Volfsburq”, H qrupunda isə “Çelsi”, “Yuventus”, “Zenit”, “Malmö” komandaları mübarizə aparacaq. “Çelsi”nin heyətində Çempionlar Liqası kubokunun qızıl medalına yiyələnmiş, İtaliya millisiylə Avropa çempionu olan Jorjinyo ötən mövsümün ən yaxşı kişi futbolçusu seçilib. “Barselona”nın şərəfini qoruyan Aleksiya Putelyas ən yaxşı qadın futbolçu kimi mükafatlandırılıb. “Çelsi”yə rəhbərlik edən Tomas Tuxel ötən mövsümün ən yaxşı baş məşqçisi adına layiq görülüb. Avropa çempionatında danimarkalı futbolçu Kristian Eriksenin həyatını xilas edən həkimlərə və Danimarka millisinin kapitanı Simon Kyaeraə isə UEFA-nın rəhbəri Aleksandr Çeferin  prezident mükafatını təqdim edib.