“Qarabağ” UEFA Konfrans Liqasının pley-ofunda cavab matçına çıxıb.
Ağdam futbolçuları Bakıda “Aberdin”i minimal hesabla məğlub edəndən sonra rəqibilə Şotlandiyada üz-üzə gəlib. Komandamız səfərdə daha inamlı qələbəyə sevinib. Hesab artıq 8-ci dəqiqədə açılıb. Toral Bayramov “Qarabağ”ı önə çıxarıb. Az sonra fərq artıb. Bu dəfə Kadi rəqibi cəzalandırıb. İlk hissə “köhlən atlar”ın 2:0 hesablı üstünlüyü ilə başa çatıb. Futbolçularımız fasilədən sonra daha bir qol vurublar. 2-ci qol zamanı məhsuldar ötürmənin müəllifi olan Abdulla Zubir bu dəfə özü fərqlənib. “Aberdin” toplardan yalnız birinin əvəzini çıxa bilib. 2-ci hissəyə artırılmış 2-ci dəqiqədə Lyuis Ferqyuson penaltini dəqiq yerinə yetirərək mübarizəyə nöqtə qoyub. “Aberdin” – “Qarabağ” 1:3. Beləliklə 2 oyunun yekununa əsasən 4:1 hesabilə qələbə qazanan komandamız yeni yaradılan UEFA Konfrans Liqasının qrup mərhələsinə vəsiqə əldə edib. Beləliklə Qurban Qurbanovun kollektivi ardıcıl 8-ci mövsüm avrokubokların qrup mərhələsində çıxış edəcək.
“Qarabağ” UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının qrup mərhələsində çıxış edən ilk Azərbaycan klubu kimi tarixə düşüb.