UEFA Konfrans Liqasında digər təmsilçimiz “Neftçi” də pley-off mərhələsində cavab görüşünə çıxır. Rəqib İsrailin Hayfa şəhərinin “Makkabi” klubudur. Bu komandalar arasındakı ilk görüşdə 6 qol vurulsa da qalib müəyyənləşməyib. Səfər qolu qaydası ləğv olunduğuna görə, İsraildəki görüş heç-heçə olacağı təqdirdə əlavə hissələrə ehtiyac duyulacaq. Futbolçularımız görüşə tam hazırdır. Bunu oyunöncəsi mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Samir Abasov deyib: ""Bu cür oyuna belə itkilərlə gəlmək yaxşı hal deyil. Əsas heyətin 3 üzvü sabah oynamayacaqlar. Rəqibin nə qədər güclü olduğunu Bakıda da gördük. Keyfiyyətli oyunçulardan yığılmış komandadır. Konfrans Liqası üçün güclü olan kollektivlə qarşılaşacağıq. Çox yaxşı hücum xəttinə malikdir. İlk oyunda da bunu hiss etdik. 3-4 gün öncə "Makkabi" kubok matçı keçirib. Həmin matçda baxdıqdan sonra bir daha şahidi olduq ki, komandanın oyununda keyfiyyət azalmayıb. Bu, bizə problem yarada bilər. Amma İsrailə elə-belə gəlməmişik. Başa düşürük ki, son şansımızdır. Qrupa düşmək üçün əlimizdən gələni edəcəyik. Bakıda bu komandaya 3 qol vurmuşuqsa, burada da edə bilərik".
"Sammi Ofer" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21-də başlanacaq. Matçı Şimali Makedoniyadan olan FIFA referisi Aleksandr Stavrev idarə edəcək.