UEFA Çempionlar Liqasında pley-of həyəcanı yaşanır. Lissabonda “Benfika”ya 1:2 hesabilə uduzan PSV rəqibini bu dəfə Eyndhovendə qəbul edib. Birinci hissə qonaqlar üçün uğursuz alınıb. 8-ci dəqiqədə sarı vərəqəylə cəzalanan Lukas Verisimo 32-ci dəqiqədə 2-ci dəfə eyni sanksiyaya məruz qalaraq meydandan çıxarılıb. PSV futbolçular 1-ci hissədə rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaratsalar da, hesabı aça bilməyiblər. Fasilədən sonra da görüş eyni məzmunla davam edib. Niderland klubu daha çox hücum etsə də, “Benfika” inamla müdafiə olunaraq sərfəli nəticəni qoruyub. Beləliklə oyun 0:0 hesabilə başa çatıb. Lissabon klubu ilk matçda qeydə alınan 2:1 hesablı qələbə sayəsində UEFA Çempionlar Liqasının qrup mərhələsinə çıxıb.

“Ferentsvaroş” isə Macarıstanda “Yanq Boyz”u qəbul edib. İsveçrə futbolçuları doğma meydanda 3:2 hesablı qələbə qazanmışdılar. Onlar səfərdə də eyni nəticəni təkrarlayıblar. Halbuki ilk hissəni Macarıstan klubu xeyrinə bitirib. Hesab erkən açılıb. 4-cü dəqiqədə Sedrik Tsesiger “Yanq Boyz”a üstünlük qazandırsa da, Henri Uinqo 18, Rayan Mmae isə 27-ci dəqiqədə fərqlənərək hesabı “Ferentsvaroş”un xeyrinə dəyişib. Lakin meydan sahibləri fasilədən sonra üstünlüklərini qoruya bilməyiblər. 56-cı dəqiqədə Kristian Fasnaxt hesabı bərabərləşdirib. 64-cü dəqiqədə Aissa Lauduni qırmızı vərəqəylə cəzalanaraq “Ferentsvaroş”u azlıqda qoyub. 72-ci dəqiqədə qonaqlar penalti yerinə yetirmək hüququ qazansalar da, Jordan Sibaço fürsəti qaçırıb. “Yanq Boyz” qələbə topunu sona yaxın vurub. 2-ci hissəyə əlavə olunmuş 3-cü dəqiqədə Feliks Mambimbi fərqlənərək mübarizəyə nöqtə qoyub - 3:2. 2 oyunun yekununda 6:4 hesabilə üstün olan “Yanq Boyz” UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

“Malmö” İsveçdə “Ludoqorets”i 2:0 hesabilə məğlub edəndən sonra səfərdə rəqibinə uduzub. 10-cu dəqiqədə Anton Nedyalkov Bolqarıstan klubunu önə çıxarıb . 16-cı dəqiqədə “Malmö” futbolçuları hesabı bərabərləşdirsələr də, qol ofsayda görə sayılmayıb. Onlar 42-ci dəqiqədə tarazlığı bərpa ediblər. Velko Birmançeviç fərqlənib. Saatın tamamında “Ludoqorest”in heyətində Pyetros Sotiriunun vurduğu qol matçda sonuncu olub. Beləliklə “Malmö” 2 qarşılaşmanın nəticəsinə əsasən 3:2 hesabilə qalib gələrək UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparmaq hüququ qazanıb.