Bundesliqada 2-ci turun oyunlarına yekun vurulub. Çempionatın açılış günündə Mönhenqladbax “Borussiya”sı ilə oyunda heç-heçə edən son çempion “Bavariya” həftəsonu da xal itkisi ilə üzləşə bilərdi. Hərçənd Yulian Naqelsmannın komandası “Alyans Arena”da “Köln”lə oyuna heç də pis başlamadı.İlk hissədə rəqibini təzyiq altında saxlayan münhenlilər fasilədən sonra hesabı açıb. Camal Musialanın mükəmməl reydini dəqiqə zərbəylə tamamlayan Robert Levandovski adını tabloya yazdırıb. Bununla da “Bavariya” bütün turnirlər də daxil olmaqla ardıcıl 74-cü oyununda da fərqlənərək “Real”ın rekordunu yeniləyib. 59-ci dəqiqədə Serj Qnabri fərqi artırıb. Qoldan 1 dəqiqə sonra irəli atılan qonaqlar Antoni Modestenin baş zərbəsi ilə fərqi minimuma endirib. 2 dəqiqə sonra Mark Ut hesabı bərabərləşdirib. Ruhdan düşməyən münhenlilər 71-ci dəqiqədə Qnabrinin mükəmməl zərbəsi ilə yenidən hesabda önə keçib və oyunun sonuna qədər üstünlüyünü qoruyub.
Elə “Hoffenhaym” – “Yunion Berlin” oyunu da məhsuldar alınıb. Oyunda hesabı 10-cu dəqiqədə qonaqların futbolçusu Niko Gisselman açıb. 4 dəqiqə sonra “Hoffenhaym”dan Kevin Akpoquma hesabı bərabərləşidirb. 30-cu dəqiqədə Yakob Brun Larssen meydan sahiblərini hesabda önə keçirib. İlk hissəyə fəal başlayan Berlin futbolçuları fasilədən sonra da dərhal irəli atılıb 47-ci dəqiqədə Tayvo Avoniyi tarazlığı bərpa edib. Oyuna əlavə olunmuş 4-cü dəqiqədə Marvin Fredrix qonaqları azlıqda qoysa da, “Hoffenhaym”ın bundan istifadə etməyə vaxtı çatmayıb. 2 turdan sonra “Volfsburq” 6 xalla vahid liderdir.